• 29.02.2024

Əsgərlər vətənə sədaqət andı içiblər

29.02.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış 150 nəfər gənc əsgərin təntənəli hərbi andiçmə mərasimi keçirilib.

 

Əvvəlcə Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirilib, 3  rəngli Dövlət Bayrağı təntənəli surətdə hərbi marşın sədaları altında meydana gətirilib.

 

Ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra gənc əsgərlər Vətənə, xalqa və dövlətə sədaqət andı içiblər.

 

Mühafizə Alayının komandiri  əsgərlərə ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru cənab Mirsaleh Seyidovun təbriklərini çatdırıb və onlara vətənə şərəf və ləyaqətlə xidmət etməyi, komandirlərin əmr və tapşırıqlarını vaxtında yerinə yetirməyi, hər an ölkəmizin müdafiəsinə hazır olmağı tövsiyə edib.

 

Daha sonra şəxsi heyətin marş sədaları altında hərbi keçidi izlənilib.

 

Tədbirdən sonra Mühafizə alayının komandanlığı şəhidlərin abidəsi önünə gül dəstələri qoyub və onlara öz ehtiramlarını bildirib.

 

Tədbirin rəsmi hissəsi bitdikdən sonra şəxsi heyət üçün konsert proqramı və bayram süfrəsi təşkil edilib.