• 27.12.2023

“Heydər Əliyev İli”ndə yeni zirvələr

Başa çatmaqda olan 2023-cü il xalqımız və dövlətimiz üçün xüsusilə əlamətdar olmaqla Ümummilli Liderin 100 illiyi münasibətilə elan edilmiş “Heydər Əliyev İli” kimi tariximizə əbədi həkk olunacaq. Bu il Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olaraq il boyunca Heydər Əliyev irsinə həsr olunan silsilə tədbirlər keçirilib. Ümummilli Liderin siyasi varisi cənab İlham Əliyevin prezident kimi fəaliyyətinin 20-ci ilində Heydər Əliyevin qurub yaratdığı Azərbaycan bütövləşərək xalqımızın zəfər salnaməsinin yeni səhifələri yazılıb.

Bu fikirlər dekabrın 27-də Ədliyyə Nazirliyində “Heydər Əliyev İli”nə həsr olunan xüsusi kollegiya iclasında vurğulanıb.

Hibrid formatda keçən iclasda Ədliyyə Nazirliyinin rəhbərliyi və məsul işçiləri, Naxçıvan Muxtar Respublikasının, regional və yerli ədliyyə qurumlarının rəhbər şəxsləri, gənc əməkdaşlar iştirak ediblər. Tədbirə Ulu Öndər Heydər Əliyevin dövründə Prezidentin köməkçisi və Katibliyinin rəisi olmuş, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə dəvət olunub.

Əvvəlcə Ümummilli Liderin nazirlikdəki büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsi dərin ehtiramla yad edilib. Qonaq həmçinin, Heydər Əliyev muzeyində Ulu Öndərə həsr olunan maraqlı ekspozisiyalarla tanış olub.

Tədbirdə dahi liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək müasir müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin demokratik hüquqi dövlət quruculuğunda misilsiz xidmətlərindən danışıb, müxtəlif sahələr üzrə islahat komissiyalarının yaradıldığını qeyd edərək, hüquq sisteminə müstəsna əhəmiyyət verən Ümummilli Liderin Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürdüyünü vurğulayıb.

O zaman Komissiyanın qarşısında çox mühüm vəzifələr durduğunu bildirən nazir Ulu Öndərin Komissiyanın tərkibində işçi və ekspert qrupları yaratdığını, vaxtilə işçi qrupun üzvü kimi bu sahədə fəaliyyətini xatırladaraq Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində hüquq sistemini tənzimləyən yeni mühüm qanun layihələrinin hazırlanıb qəbul olunduğunu və institusional dəyişikliklərin aparıldığını qeyd edib.

Bildirib ki, Heydər Əliyevin müasir hüquq sistemimizin banisi olaraq xidmətləri danılmazdır. Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz “Heydər Əliyev İli”ndə Ədliyyə Nazirliyi tərəfindən Ümummilli Liderin müasir ədliyyə və məhkəmə-hüquq sisteminin bərqərar olmasında dühasına, humanizm və gənclər siyasətinə, digər sahələrdə əvəzsiz xidmətlərinə həsr olunan silsilə tədbirlər keçirilib.

Nazir xalqımızın milli sərvəti olan Ümummilli Liderin zəngin irsinin daha dərindən öyrənilməsində bu tədbirlərin əhəmiyyətindən bəhs edib, Heydər Əliyevin böyük idarəçilik təcrübəsinə yaxından bələd olan Dilarə xanım Seyidzadənin uzun illər Ulu Öndərin rəhbərliyi altında mühüm fəaliyyətini qeyd edib.

Heydər Əliyevlə bağlı xatirələrini bölüşən Dilarə Seyidzadə Ümummilli Liderin böyük məktəb, həyat və fəaliyyətinin isə hər kəs, xüsusilə gənclər üçün bir örnək olduğunu bildirib, zəngin irsinin daim öyrənilməsinin və ondan bəhrələnilməsinin əhəmiyyətini qeyd edib, Azərbaycanı dünyada tanıtmaq Heydər Əliyevin böyük amallarından biri olduğunu vurğulayıb.

O, Ulu Öndərin çox diqqətli, hər bir incəliyə önəm verdiyini, əhali ilə görüşlərində, bölgələrdə olarkən vətəndaşlarla səmimi söhbətlərini xatırladıb. Bildirib ki, insanlar Heydər Əliyevə hədsiz inanırdı.

D.Seyidzadə Ümummilli Lideri bütün dünyanın tanıdığını və keçirilən beynəlxalq sammitlərdə, forumlarda Ulu Öndərin adı çəkiləndə hər kəsin diqqətinin ona yönəldiyini söyləyib.

Tədbirdə Heydər Əliyev ideyalarının onun siyasi varisi, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyi, Vətən müharibəsində Böyük Qələbəmizlə torpaqlarımızın azad edilərək Ulu Öndərin ən ümdə vəsiyyətinin şərəflə yerinə yetirildiyi qeyd olunub.

Vurğulanıb ki, dövlət başçısının rəhbərliyi ilə son 20 ildə qüdrətli və qalib dövlətə çevrilən Azərbaycan “Heydər Əliyev İli”ndə yeni zirvələr fəth edir. Qədim diyarımız Xankəndi şəhəri və digər ərazilərimiz lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənərək suverenliyimiz tam təmin olunub. Cənab Prezident dövlət Bayrağımızı Xankəndidə və digər əzəli torpaqlarımızda ucaltmaqla xalqımızın arzularını çin edib.

Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın, azad edilmiş torpaqlarda ilk dəfə futbol matçının yenidən tam təmir edilmiş şəhər stadionunda keçirilməsi və digər mühüm tədbirlər Zəfərimizin əsas mənbəyi olan Qarabağ-Ordu-Xalq birliyinin əyani təzahürüdür.

Tədbirdə bu gün suveren Azərbaycan dövlətinin özünün ən şanlı dövrünü yaşadığı, bütün dünya ictimaiyyətinin ölkəmizə dəstəyinin və dövlət başçısına olan böyük hörmətin ifadəsi olaraq beynəlxalq aləmin yekdil qərarı ilə BMT-nin COP29 kimi mötəbər konfransına ev sahibliyinin Azərbaycana keçməsi xüsusi qeyd olunub.

Ölkəmizin bu gününün və sabahının qarantı, sülhün və sabitliyin təminatçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bundan sonra da zirvələrə doğru uğurla irəliləyəcəyi vurğulanıb. Müstəqil Azərbaycanın tarixində ilk dəfə bütün ölkə ərazisində, o cümlədən azad edilmiş ərazilərimizdə keçiriləcək qarşıdan gələn növbədənkənar prezident seçkilərində xalqımızın inkişafa, sabitliyə və zəfərə səs verəcəyinə əminlik ifadə olunub.