• 26.12.2023

Mühafizə alayının yaradılmasının 67-ci ili qeyd edilib

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, üçrəngli Dövlət Bayrağı meydana gətirilib. Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Mühafizə Alayının şəxsi heyətinin marş sədaları altında təntənəli keçidi izlənilib.

Çıxış edən nazir müavini Ümummilli Lider Heydər Əliyevin siyasi varisi və layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Mühafizə alayının öz vəzifələrini bu gün də layiqincə icra etdiyini, ədliyyə sahəsində həyata keçirilən uğurlu islahatların, göstərilən diqqət və qayğı nəticəsində müasirləşdiyini və yeniləndiyini qeyd edib.

Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda gedən döyüş əməliyyatlarında nizami ordu şəklində iştirak edən ilk hərbi hissələrdən biri olan Alayın üç zabiti və iki əsgərinin «Azərbaycan Respublikasının Milli Qəhrəmanı» fəxri adına layiq görüldüyü, 26 əməkdaş və əsgərinin şəhidlik zirvəsinə ucaldığı bildirilib.

Alayın bütün şəxsi heyətini və həqiqi hərbi xidmət keçən əsgərlərini təbrik edən nazir müavini, onlara cansağlığı və işlərində uğurlar arzulayıb.

Tədbirdən sonra nazir müavini Mühafizə Alayının şəhidlərinin abidəsi önünə gül dəstələri qoyub, onlara ehtiramını bildirib.

Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov Mühafizə Alayına baxış keçirib, tapşırıq və tövsiyələrini verib.

Tədbirin rəsmi hissəsindən sonra Beynəlxalq Muğam Mərkəzinin solistləri şəxsi heyət və əsgərlər qarşısında konsert proqramı ilə çıxış ediblər.